Milli Şuranın üzvü Cəmil Hacıyev üzərində "Siyasi məhbuslara azadlıq!" yazılmış plakat qaldırarkən polislər onu saxlayıb. Bu, yanvarın 10-da saat 17:00 radələrində Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında baş verib. Həmin vaxt bu məhkəmədə Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işinə baxılırdı.
C.Hacıyev plakatı qaldıran kimi məhkəmə binasının qarşısında olan polislər onu tutub maşına mindirib. Onun hara aparıldığı məlum deyil.
T.Yaqublunun məhkəməsində də qalmaqal yaşanıb. Məhkəmə prosesinə sədrlik edən hakim Elnur Nuriyev siyasətçinin kürəkəni, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzinin məhkəmə zalından çıxarılmasına göstəriş verib.
Hakim həmçinin T.Yaqublunun özünü də məhkəməni onun özünün iştirakı olmadan keçirməklə hədələyib.
Siyasətçi isə bildirib ki, onsuz da onları hakim saymır. Bu səbəbdən də məhkəmədə ortaya qoyduğu faktları, üzə çıxardığı ziddiyyətləri prosesə gələn adamlara, cəmiyyətə çatdırmaq istəyir: "Onsuz da sizə nə sifariş verilsə, onu edəcəksiniz. Sizə həqiqət lazım deyil".
T.Yaqublunun məhkəməsi yanvarın 17-də davam edəcək.
Xatırlatma
T.Yaqublu 2023-cü il dekabrın 14-də saxlanılıb. Ona qarşı dələduzluq, saxta sənəddən istifadə kimi ittihamlar irəli sürülüb. Siyasi fəala ittiham verilən maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
T.Yaqublu bundan öncə də bir neçə dəfə həbsdə olub. O, 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkili, 2020-ci ildə xuliqanlıq və başqa ittihamlarla həbsdə olub. Siyasi fəal bütün ittihamları rədd edir, şəxsən prezident İlham Əliyevin sifarişiylə cəzalandırıldığını bildirir.
Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatları onun adını siyasi məhbus siyahılarına daxil edib.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.
Ancaq beynəlxalq insan haqları qurumları, ABŞ rəsmiləri son aylar hökumətə çağırışları artırıb, haqsız tutulanları azad etməyə çağırıb.