İctimai fəal Bəxtiyar Hacıyevə 10 il həbs cəzası kəsilib. Üstəlik, onun paytaxtın Yasamal rayonu, Zərdabi küçəsindəki mənzili, Beynəlxalq Bankda olan hesabındakı pulu müsadirə edilib. Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində belə hökm çıxarıb.
Əli Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyasının qərarıyla B.Hacıyev Cinayət Məcəlləsinin 193-1-ci (cinayət yolu ilə əldə olunmuş vəsaitlərin leqallaşdırılması), 206-cı (qaçaqmalçılıq), 213-cü (vergidən yayınma) və 221-ci (xuliqanlıq) maddələriylə təqsirli bilinib. Saxta sənəd, məhkəməyə sayqısızlıq və başqa ittihamlara isə məsuliyyətə cəlbetmə müddətinin keçdiyi əsas gətirilməklə xitam verilib.
"İfadələrdəki qrammatik səhvlər də təkrarlanıb"
Hökmdən öncə son sözünü söyləyən B.Hacıyev bütün bu ittihamları əsassız saydığını, siyasi sifarişlə həbs edildiyini bildirib. Cinayət işinin birinci cildindən sonuncusunadək saxtakarlıqlardan ibarət olduğunu vurğulayan ictimai fəalın sözlərinə görə, işdə 1200 sözdən 900-ünün tam üst-üstə düşdüyü ifadələr var və həmin ifadələrdəki qrammatik səhvlər də təkrarlanıb: "Mən beynəlxalq tədbirlərdə, Qərb rəsmiləriylə görüşlərdə Azərbaycanda insan haqlarını pozan şəxslərə qarşı sanksiya tətbiq olunmasını istəmişəm və Daxili İşlər Nazirliyinin polkovniklərindən birinə qarşı sanksiya tətbiq edilən gün həbs olunmuşam. Həbsimə razılıq alanlar bunun zəruriliyini həm də belə əsaslandırıblar ki, guya mən ölkədə çevriliş hazırlayıram".
İctimai fəal son sözündə "Pegasus" casus proqramıyla izləndiyini, ona aid şəxsi bilgilərin kibercinayət yolu ilə ələ keçirildiyini və qarayaxma kampaniyasına məruz qaldığını da vurğulayıb.
O, çıxışının sonunda Azərbaycanda müstəqil məhkəmə sisteminin olmadığını və hakimlərin sifarişə xidmət etdiyini bildiyini, bu üzdən, heç bir xahişə ehtiyac duymadığını da deyib: "Sizə tapşırılmış hökmü dinləməyə hazıram".
Daha sonra müşavirə otağına gedən hakimlər kollegiyası təxminən bir saatdan sonra onun 10 il həbsə məhkum edilməsi haqda hökmü açıqlayıb.
Xatırlatma
B.Hacıyev 2022-ci il dekabrın 9-dan həbsdədir. Həbs olunanda ona Cinayət Məcəlləsinin 221.2.2-ci (vəzifəsini yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələriylə ittiham verilmişdi. Bu ittihamlarda Yasamal rayon Məhkəməsindəki zallardan birində onunla bloqer Ülviyyə Alovlu arasındakı qalmaqaldan bəhs olunub.
İstintaqın gedişində B.Hacıyevə qarşı qanunsuz sahibkarlıq, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə, vergidən yayınma və s. əlavə ittihamlar irəli sürülüb.
O özünü təqsirli bilmədiyini, bütün bu ittihamların əsassız olduğunu deyib. B.Hacıyev daxili işlər naziri Vilayət Eyvazovun ünvanına tənqidlərinə görə onun sifarişiylə həbs olunduğunu iddia edir. Daxili İşlər Nazirliyi bu iddianı rədd edir.