İkinci dəfə ABŞ prezidenti seçilən Donald Tramp bir daha Qrenlandiya ilə bağlı iddia səsləndirməklə yeni qalmaqal yaradıb. O, budəfəki iddiasında milli güvənlik naminə ABŞ-nin müttəfiqi olan Danimarkanın ərazisi sayılan Qrenlandiyaya nəzarəti ələ keçirmək üçün hərbi gücdən istifadəni istisna etməyib.
Bu da var ki Vaşinqtonun Qrenlandiyanı ələ keçirməklə bağlı marağının tarixi Trampdan xeyli öncəyə gedib çıxır. ABŞ İkinci Dünya savaşının bitməsindən bir qədər sonra Danimarkaya bu buzlu adaya görə qızılla 100 milyon dollar təklif etmişdi.
Son illər Rusiya və Çinin Arktikada hərbi və ticarət fəaliyyətlərini genişləndirməsi, birgə hərbi təlimlər keçirməsi və hipersonik raketlər kimi yeni silah sistemlərinə yatırımları ABŞ-nin bu marağını daha da artırıb.
"Çinlə qlobal rəqabət artdıqca və silah istehsalında yeni texnoloji inqilabla ayaqlaşmaq gərəkincə, Qrenlandiyanın önəmi də artır", - Vilson Mərkəzi Qütb İnstitutunun direktoru və ABŞ Müdafiə Departamentinin Arktika strategiyası üzrə keçmiş müşaviri Rebekka Pinkus AzadlıqRadiosuna belə deyib.
"…Qrenlandiya raket hücumundan müdafiə baxımından, kosmos baxımından, gəmiçilik və dəniz yollarının önəminin get-gedə artdığı qlobal rəqabət baxımından önəmlidir", - yenə onun sözləridir.
Qrenlandiya ərazisi ABŞ-yə daha yaxındır
AzadlıqRadiosunun əməkdaşı Todd Prinsin qələmə aldığı məqalədə deyilir ki, Danimarka Krallığının muxtar ərazisi sayılan Qrenlandiya fiziki olaraq ABŞ-yə daha yaxındır və ABŞ-nin Men ştatının sahillərindən cəmi 1900 kilometr aralıdadır.
Qrenlandiya Danimarka ərazisi olduğundan NATO-ya daxildir. Ancaq ada Kopenhagendən müstəqillik əldə etməyə çalışır və bəzi ekspertlər bunun Rusiya və Çinin burada möhkəmlənməsinə qapı aça biləcəyindən narahatdır.
ABŞ-nin artıq Qrenlandiyada raket hücumundan müdafiə və kosmik izləmə üzrə ixtisaslaşan kosmik bazaları var. Ancaq bütün adaya nəzarət Vaşinqtona bu regiondan gələn dəniz və hava təhdidlərindən və kosmosdan gələn mümkün təhlükələrdən daha yaxşı qorunmaq imkanı verə bilər.
Arktikada ABŞ-dən xeyli daha böyük hərbi iştiraka malik Rusiya Ukraynada savaş aparsa da, bu regiondakı müdafiə imkanlarına güclü yatırımını davam etdirir.
ABŞ Şimal Komandanlığına rəhbərlik etmiş, istefada olan general Terrens O'Şonessi 2020-ci ilin fevralında Senat dinləməsində deyib ki, Rusiya ABŞ-yə hücum edərsə, bunu Arktika istiqamətindən gerçəkləşdirər: "Arktika artıq qala divarı deyil və bizim okeanlarımız da artıq qoruyucu xəndək deyil, Arktikaya yanaşma yoludur".
AzadlıqRadiosuna hökumətin adından deyil, müstəqil ekspert kimi müsahibə verən ABŞ Hərbi Dəniz Kollecinin professoru Cahara Matisek deyib ki, ABŞ-nin Şimal Buzlu okeanındakı hərbi infrastrukturu zəifləyib və ora ölkənin müdafiəsinin "ən zəif" bəndidir.
"Güclü bir kosmik dövlətə çevrilmək, hücum və müdafiə xarakterli kosmik silah sistemləri... şəklində kosmik gücü proyeksiya etmək iqtidarında olmaq istəyirsinizsə, bütün peyklərinizlə kommunikasiya və nəzarəti əldə saxlamaq üçün Şimal Qütb dairəsində infrastrukturunuz olmalıdır. Hələ Cənub Qütb dairəsindən heç danışmıram", - yenə onun sözləridir.
Çin arktik dövlət olmasa da, bu regionda əsas oyunçulardan biri olmaq niyyətindədir. Pekin son illərdə Qrenlandiyada limanlar və digər infrastruktur, habelə mədənçilik haqları almağa çalışsa da, onun bu səyləri uğurlu olmayıb.
"Qrenlandiyanın önəmi çox böyükdür"
Matisek deyir ki, ABŞ Çinin bu layihələrə gerçək marağının Şimal Qütb dairəsinə ikili təyinatlı sensorlar və radarlar yerləşdirməklə bağlı olmasından şübhələnib. Bu, Pekinə öz hərbi peyklərinə nəzarət etməsinə və ABŞ-nin bölgədəki kosmik əməliyyatları barədə kəşfiyyat məlumatı toplamasına imkan verir: "Çin bizim "Kill Chain"imizi – kosmosda yerləşən obyektlərimizi, peyklərimizi sıradan çıxara bilsə, bizim üçün nəyisə vurmaq çətin olacaq. Biz hədəf almaqda, müəyyənləşdirməkdə və hücumda çətinlik çəkəcəyik. Elə bu üzdən, son nəticədə Qrenlandiyanın önəmi çox böyükdür".
Pinkus deyir ki, ABŞ-nin Arktikada daha çox kəşfiyyat, izləmə və müşahidə sistemlərinə ehtiyacı var: "Bu bizim doldurmalı olduğumuz ən böyük boşluğumuzdur. O üzdən, dənizin dibini kosmosdan görə bilən daha çox sensora ehtiyacımız var. Bu sensorlardan alınan data və müşahidələri qərar qəbuledicilər üçün yararlı məhsula çevirməkdən ötrü data bütünləşdirmə imkanlarına ehtiyacımız var".
Pinkusun sözlərinə görə, Rusiya və Çinin Arktikada birgə hərbi təlimlər keçirməsi anlaşılandır: "Onların Arktikaya fokuslanması təəccüblü deyil, axı ABŞ-nin Şimal Buzlu Okeandakı iştirakı zəifdir".
Pinkus ABŞ-nin həmin okeanda ikidən çox işlək durumda olan buzqıran gəmisinin olmadığını, Çin və Rusiyanınsa, uyğun olaraq, dörd və onlarla belə gəmisinin olduğunu vurğulayıb.
Temperatur artdıqca Arktikada buzlar əriyir. Nəticədə gəmilərin, o sıradan hərbi gəmilərin Avropadan Asiyaya Qrenlandiya və Kanada üzərindəki sulardan keçərək getməsi üçün yol açılır.
"Çin ticarət gəmiləri şimal marşrutundan keçidi artıracaqlar, axı bu yol onlar üçün daha qısa olacaq. Ancaq təxmin etmək olar ki, Çin hərbi gəmiləri də bu marşrutdan yararlanacaq", - istefada olan ABŞ general-leytenantı və ABŞ Ordusunun Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hoces AzadlıqRadiosuna belə deyib.
Şimal Buzlu okeanından Atlantik okeanına gələn hərbi gəmilər GIUK bölgəsindən – Qrenlandiya, İslandiya və Şotlandiya arasındakı ərazidən keçirlər. General Hoces deyir ki, Soyuq müharibə dövründə NATO qüvvələri bu bölgədən Şimali Atlantikaya daxil olan sovet sualtı qayıqlarını izləyirdi.
Buz əridikcə təbii sərvətlər üzə çıxacaq
Buzların əriməsi Qrenlandiyanın nəhəng təbii sərvətlərinin üzə çıxarılmasını da asanlaşdıracaq. Bura yüksək texnologiyalı məhsulların, elektrikli avtomobillərin və külək turbinlərinin istehsalı üçün gərəkən metallar da daxildir.
Çin bu metal bazarlarının çoxunda, o cümlədən hasilat, təmizləmə və emalında dominantdır. Pekin Qrenlandiyanın təbii sərvətlərinin hasilatında maraqlı olduğunu dilə gətirib.
Bu təbii sərvətlərin monetizasiyası Qrenlandiyanın müstəqillik arzusu üçün ayrıca önəm qazanır, axı ada hələ də Danimarkanın subsidiyalarından asılıdır.
"Qrenlandiya kimi bir dövləti olanın investisiya üçün pula ehtiyacı var. Çin və Rusiya bu problemə pul səpəcək", - ABŞ Hava Qüvvələrinin istefada olan dördulduzlu generalı, 2013-2016-cı illərdə NATO Birləşmiş Qüvvələrinin Baş komandanı olmuş Filip Bridlav "Cipher Brief" jurnalına müsahibəsində belə deyib və davam edib: "Qərbə söykənən bir Qrenlandiyanın olmasını təmin etmək son dərəcə önəmlidir". Generalın sözlərinə görə, bu, "suveren sahiblik yolu ilə olmaya da bilər".
Matisek deyir ki, ola bilsin, Tramp, sadəcə, adanın Şimali Amerikanın müdafiəsi baxımından önəmli roluna görə ABŞ-nin Qrenlandiyaya çox ciddi yanaşmasına çalışır. O əlavə edib ki, bu, həm də "heç sözsüz, çinlilərin və rusların burada ayaq izi qoymamasını təmin etmək cəhdidir".